“İnter”in türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu həmvətəni, “Real”ın hücumçusu Arda Güləri “neradzurri”yə qoşulmağa səsləyib.
Arena.az məlumat verir ki, 20 yaşlı sağ cinah hücumçusu Gülər “qaymaqlılar”ın heyətində meydanda az oyun vaxtı almasından kəskin surətdə narazıdır.
Hakan Çalhanoğlu gənc ulduzun İspaniya nəhəngindəki durumundan danışarkən bunları vurğulayıb:
“O, çox vacib oyunçu və mənim çox sevdiyim qardaşdır, bu, hamıya məlumdur. Onun “Real”da hansı vəziyyətdə olduğunu bilmirəm, çünki bu işə çox dərindən girişmək istəmirəm. Əvvəl-axır, o, daha çox bilir. Amma mən ona mütəmadi oynamağı təklif edirəm, o, buna layiqdir. Əlbəttə, mən, onun bizə, “İnter”ə gəlib oynamasını istəyirəm. Ümidvaram ki, bu, baş verəcək, amma mən bunun yalan və ya doğru olduğunu hələ bilmirəm”, – “Cadena Ser” dərgisi Çalhanoğludan sitat gətirir.
Arda Gülər “Gənclərbirliyi”nin məzunudur. Türk yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbağça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü ilin iyul ayında “Fənərbağça”dan 20 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsinin müddəti 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Gülər “qaymaqlılar”ın heyətində bütün yarışlarda 30 oyuna 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Türk futbolçunun “Kral klubu”nun heyətində çıxışının ümumi mənzərəsi 43 oyun, 9 qol və 5 məhsuldar ötürmədən ibarətdir.
Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 18 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku, UEFA Çempionalar Liqası, UEFA Super Kuboku və FIFA Qitələrarası Kubok var.
“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


