Hakan Çalhanoğlu qeyri-adi cəza təhlükəsi ilə üz-üzədir

“İnter”in türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu qeyri-adı səbəbə görə cəza təhlükəsi ilə üz-üzə qalıb.

Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir ki, Çalhanoğlu “neradzurri”nin ifrat azarkeş dəstəsi – ultrası ilə görüşdə təqsirli bilinir və bu səbəbdən cəzalandırıla bilər.

Çalhanoğlu, “San-Siro”da bilet satışından qəsblə pul tələb etməkdə və digər cinayətlərdə ittiham edilən “Milan” və “İnter”in ultrası (müvafiq olaraq “Curva Nord” və “Curva Sud”) rəhbərlərinin həbsi ilə bağlı ifadə verib. Çalhanoğlu etiraf edib ki, o, “İnter”in ultrasının rəhbərləri ilə əlaqə saxlayıb, baxmayaraq ki, klub bu qəbildən görüşlərdən çəkinməyi tövsiyə edir. Hazırda nə türk futbolçu, nə də onun komanda yoldaşları istintaq altında deyillər.

Nəticədə, Hakanın İdman Ədaləti Məcəlləsinin 25-ci maddəsini və xüsusən də oyunçuların azarkeş dəstələrinin nümayəndələri və ya assosiasiyaların üzvü olmayan azarkeş dəstələri ilə münasibət qurmağı qadağan edən 10-cu bəndini pozduğu aşkar edilərsə, türk futbolçu bir və ya bir neçə oyunluq cəza ala bilər. Müvafiq qaydanın pozulmasına görə həmçinin 20 min avro məbləğində cərimə nəzərdə tutulur.

Hakan Çalhanoğlu “Valdhof Manheym” və “Karlsrue” klublarının futbol məktəblərində yetişib, “Hamburq”, “Bayer” və “Milan”da oynayıb. “İnter” 2021-ci ilin iyulunda Çalhanoğlunu əzəli rəqibi “Milan”dan azad agent qismində öz düşərgəsinə qatıb. Türk yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Çalhanoğlu “İnter”in heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 2 qol vurub.

Hakan Çalhanoğlunun “İnter”də çıxışının ümumi mənzərəsi isə belədir: 143 oyun, 29 qol, 24 məhsuldar ötürmə.

Hakan Çalhanoğlu hazırda kapitanı olduğu Türkiyə millisinin heyətində 94 oyuna 20 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.

Çalhanoğlu “İnter”lə İtaliya A Seriyasının, İtaliya Kubokunun (2 dəfə), İtaliya Super Kubokunun (3 dəfə), qalibi olub. Həmçinin Çalhanoğlu 2021-ci ildə Türkiyədə ilin futbolçusu, 2024-cü ildə isə İtaliyada mövsümün oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 30 yaşlı türk dayaq yarımmüdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: