Futbol üzrə Mərakeş milli komandasını da üzvü olan yarımmüdafiəçi Hakim Ziyeş bundan sonra “Botafoqo”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu Braziliya klubu ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb. Transfer azad agent statusunda həyata keçirilib.
Ziyeş Rio-de-Janeyroya çatdıqdan bir neçə saat sonra “Botafoqo” tərəfindən rəsmi şəkildə təqdim olunub. Onu hava limanında klubun futbol direktoru Leo Koelyo qarşılayıb. Mərakeşli futbolçunu “Botafoqo” azarkeşləri də böyük coşqu ilə qarşılayıblar.
Hakim Ziyeş yeni komandasında çıxış edəcəyi üçün həyəcanlı olduğunu bildirib. O, Braziliyada oynamağın çoxdan arzusu olduğunu deyib:
“Bu, Braziliyaya ilk səfərimdir. Bura həmişə arzularım arasında olub və indi bu arzu gerçəkləşib. Braziliya futbol dünyasında bir nömrədir. Burada futbol həyat tərzidir və mən bunu yaşamaq üçün səbirsizlənirəm”, – deyə Ziyeş bildirib.
Karyerası ərzində “Ayaks”, “Çelsi” və “Qalatasaray”da çıxış etmiş Hakim Ziyeş 2022-ci il dünya çempionatında Mərakeş millisinin tarixində ilk dəfə yarımfinala yüksəlməsində mühüm rol oynayıb. Komanda turniri dördüncü pillədə başa vurub. Futbolçu daha sonra qısa müddət Mərakeşin “Vidad” klubunda çıxış edib.



