“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 28-ci turunun Madrid “Atletiko”su ilə səfər oyunundan gözləntisini açıqlayıb.
Arena.az alman mütəxəssisin mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:
“Mən görürəm ki, komandam qarşıdakı oyuna çox köklənib. Öyrənəcəyiniz və sizə daha da yaxşı olmağa kömək edəcək xüsuslar həmişə var. Ağır olacaq, amma biz hazırıq. Mənə görə, “Atletiko” çox yaxşı komandadır. Bu, sadəcə üç-dörd futbolçu demək deyil. Onların təcrübəsi var, həmçinin düşünmürəm ki, “Real”dan aldıqları məğlubiyyət (Çempionlar Liqasının 1/8 finalının cavab oyunu (səfərdə 0:1; evdə 1:0, penaltilərlə 2:4 – redaktorun qeydi) onlara çox təsir edə”, deyə Hansi Flik ehtiyatla vurğulayıb.
“Atletiko” – “Barselona” oyunu bu gün, martın 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (17 mart) başladacaq.
27 oyundan sonra “Atletiko” 56 xalla İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Barselona” isə 26 oyundan 57 xalla mümkün lider qismində şərti olaraq 2-ci pillədədir.
La Liqaya 28 oyundan 60 xalla “Real” şərti lider qismində başçılıq edir.
Əlavə edək ki, komandalar arasında Barselonada keçirilmiş ilk oyunda “döşəkçilər” “blauqrana”nı 2:1 hesabı ilə məğlub ediblər.


