“Mançester Yunayted”in və İngiltərə yığmasının müdafiəçisi Harri Maquayr artıq “qırmızı şeytanlar”ın kapitanı olmadığını açıqlayıb.
Arena.az bu barədə Harri Maquayrın “Twitter” hesabındakı açıqlamasına istinadən məlumat verir:
“Bu gün məşqçi ilə söhbətləşdik və o, kapitanı dəyişdiyini bildirdi. O, mənim üçün öz səbəblərini açıqladı və mənim böyük xəyal qırıqlığına uğramağıma rəğmən, hər dəfə qırmızı formanı geyinəndə cani-dildən var gücümü ortaya qoymağa davam edəcəyəm.
“Mançester Yunayted” azarkeşlərinə sarğını daşıdığım bütün dövr ərzində mənə göstərdikləri inanılmaz dəstəyə görə böyük təşəkkürümü bildirmək istəyirəm. Üç il yarım əvvəl bu yükü çiyinlərimə aldığım gündən bəri “Mançester Yunayted”i idarə etmək mənim üçün böyük şərəf idi. Karyeramın bu anı ilə çox fəxr edirəm, çünki bu, klub futbolunda ən böyük mükafatlardan biridir. Mən “Yunayted”in meydanda və meydandan kənarda uğur qazanmasına kömək etmək üçün bütün bacardığım etdim.
Məsuliyyəti üzərimə qoyduğu üçün Ule-Qunnar Sulşerə həmişə minnətdar olacağam. Öz xələfimə uğurlar arzulayıram və tam dəstəyimə zəmanət verirəm”, deyə Maquayr yazıb.
Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ildə 80 milyon funt-sterlinq qarşılığında “Lester Sit”dən transfer edilib. Özünün “qırmızı şeytanlar”ın düşərgəsinə gəlişindən yarım il sonra Eşli Yanqın “İnter”ə transferi ilə, norveçli baş məşqçi Sulşer, Maquayra “Mançester Yunayted”in kapitan sarığısını həvalə edib. Erik Ten Haqın gəlişi ilə Maquayr start heyətində mütəmadi yer almasa da, kapitan statusunu geridə qalmış mövsümün sonuna qədər qoruya bilib. Bu müddətdə “qırmızı şeytanlar”ın kapitan rolunu meydanda Bruno Fernandes icra edib.
Xatırladaq ki, Maquayr hazırda “Vest Hem”in maraq dairəsindədir. “Çəkicdöyənlər” Maquayrı tamhüquqlu transfer etməkdənsə, müdafiəçini icarəyə götürməkdə daha maraqlıdırlar.
Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Maquayr “qırmızı şeytanlar”ın heyətində 31 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
“Transfermarkt” internet-portalı Harri Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.


