“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr özünün cari hazırlığını qiymətləndirib, komandanın yeni mövsüm üçün hədəflərini açıqlayıb.
Arena.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən, ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Özümü yaxşı hiss edirəm, özümü formada hiss edirəm. Fiziki və əqli cəhətdən yaxşı vəziyyətdəyəm və bəli, böyük mövsümün intizarındayam.
Bu mövsüm çoxlu oyunlar var. Əminəm ki, oyundan oyuna başlanğıc heyətində çoxlu dəyişikliklər olacaq. Növbə sizə gəldikdə isə, fürsətinizdən istifadə etməlisiniz. Bəli, bunun üçün bizə uzun bir skamya gərəkdir.
Əlbəttə, Çempionlar Liqasına düşmək istəyirik. Premyer Liqada kifayət qədər yaxşı olmadığımız üçün bu mövsümü əldən verdik.
Düşünürəm ki, biz özümüzün qarşısında heç bir məqsəd qoymaq istəmirik, amma məncə, bu klub kuboklar tələb edir. Əlbəttə, biz daha bir qənimət qazanmaq istəyirik və bilirik ki, Premyer Liqada ötən mövsüm olduğumuz yerdən ciddi irəliləyişlərə ehtiyacımız var.
Aydındır ki, biz ötən mövsümün nəticələrini yaxşılaşdırmalıyıq, bunun bizi hara aparacağını isə görəcəyik”, deyə Harri Maquayr bildirib.
Xatırladaq ki, “Mançester Yunayted” geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında uğursuzluğa düçar olub. “Qırmızı şeytanlar” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk ediblər, İngiltərə Liqa Kubokunu əldən veriblər. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “Mançester Yunayted” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.
Əvəzində, “Mançester Yunayted” qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.


