Harri Maquayr “Mançester Yunayted”də qalacaq

“Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayr “Vest Hem”ə keçməyəcək və gələn mövsümü “qırmızı şeytanlar”la keçirəcək.

Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Maquayrın ətrafına yaxın mənbələr Harrinin “Vest Hem”ə bir klub kimi hörmət bəsləməsinə rəğmən, heç vaxt “çəkicdöyənlər”ə müqavilənin şəxsi şərtləri ilə bağlı razılığa gəlmədiyini bildiriblər. Maquayr “Mançester Yunayted”də qalacaq. Harri klubu sevməyə davam edir və inanır ki, o, “qırmızı şeytanlar”ın heyətində özünü sübut etmək üçün yeni mövsümdə bol oyun vaxtı ala biləcək.

Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Harri Maquayr “Mançester Yunayted”in heyətində 31 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Daha əvvəl Maquayr “Mançester Yunayted”in kapitan sarğısından məhrum edilmişdi.

Bir vaxtlar Harri Maquayrın 87 milyon avroya “Lester Siti”dən “Mançester Yunayted”ə keçidi, onu futbol tarixinin ən bahalı müdafiəçisi etmişdi. Bu gün isə “Transfermarkt” internet-portalı 30 yaşlı Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: