“Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayr meydanda oyun vaxtı ilə bağlı yaşadığı problemdən gileylənib.
Arena.az “The Sun” nəşrinə istinadən Maquayrın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mənim ömrüm boyu burada oturub ayda bir dəfə oynamaq fikrim yoxdur. Belə davam edərsə, əminəm ki, oturub klubla vəziyyəti müzakirə edəcəyik.
Amma hazırda bütünlüklə İngiltərə üçün iki vacib oyuna köklənmişəm. Sonra isə bütünlüklə “Mançester Yunayted”dəki yerimi almaq üçün mübarizə aparmağa və komandanın liqada olmalı olduğumuz yerə yüksəlməsinə kömək üçün səylə çalışmağa köklənəcəyəm.
Mən öz bacarıqlarıma və karyeramda gördüklərimə inanıram. Ehtiyat oyunçular skamyasında oturan hər bir oyunçu əsas heyətdə meydana çıxmağına inanmalıdır, əks halda yüksək səviyyədə çıxış etməyəcək. Mən də heç nə ilə fərqlənmirəm. Çətin idi, oynamaq istəyirəm, özümü klub və komanda üçün vacib hiss etmək istəyirəm.
Növbəti oyunda meydana çıxıb-çıxmamağım mənim qərarım deyil. Klub və ölkə üçün son 15-20 oyunuma baxsanız, burada oturub çıxışlarımdan həqiqətən razı olduğumu söyləməkdən məmnun olaram.
Bu məşqçinin rəhbərliyi altında qazandığım nailiyyətlər öz sözünü deyir. İstədiyim qədər oyun oynamamışam, amma oynadığım zaman qələbə nisbətim gülünc dərəcədə yüksəkdir.
Bu mövsüm iki oyuna çıxmışam və bir neçə dəfə də əvəzedici kimi meydanda olmuşam. Məşqçi məni müşahidə edib, onun əsasında qərar qəbul edə bilər və yalnız bundan sonra oynamaq imkanım olur. Mən çalışmağa davam edəcəyəm, təkidimə davam edəcəyəm, özümə çox inanıram və yeni imkanların mənim qarşıma çıxacağına əminəm”, deyə Maquayr iddiasını ortaya qoyub.
67 milyon avro dəyər itirən Maquayr
Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Harri Maquayr “Mançester Yunayted”in heyətində 31 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində 4 oyun keçirib və 1 məhsuldar ötürmə verib.
Daha əvvəl Maquayr “Mançester Yunayted”in kapitan sarğısından məhrum edilmişdi. Müdafiəçinin həm də satış məsələsi gündəmə gəlmişdi, amma satış baş tutmayıb. Maquayr kapitan sarğısı əlindən alınsa da, “qırmızı şeytanlar”ın heyətində yerini möhkəmlətəyə qərar verib.
Bir vaxtlar Harri Maquayrın 87 milyon avroya “Lester Siti”dən “Mançester Yunayted”ə keçidi, onu futbol tarixinin ən bahalı müdafiəçisi etmişdi. Bu gün isə “Transfermarkt” internet-portalı 30 yaşlı Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.
Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 59 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi bircə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023 İngiltərə Liqa Kubokuna sahib olub.


