Harri Maquayr noyabrda Premyer Liqanın ən yaxşı oyunçusudur

“Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayr noyabr ayı üçün İngiltərə Premyer Liqasının ayın ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

İngilis müdafiəçi səsvermədə “Çelsi”nin vingeri Rahim Sterlinqi, “Mançester Siti”nin vingeri Jeremi Doku, “Nyukasl”ın hücumçusu Entoni Qordonu, “Luton”un qapıçısı Tomas Kaminskini və “Bornmut”un yarımmüdafiəçisi Markus Tavernyeri qabaqlayıb.

Maquayr noyabrda “qırmızı şeytanlar”ın heyətində “Fulhem” (1:0), “Luton” (1:0), “Everton” (3:0) və “Nyukasl”a (0:1) qarşı oynayıb.
Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro müqabilində “Lester Siti”dən keçib. Müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində 15 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi bircə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023 İngiltərə Liqa Kubokuna sahib olub.

Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Harri Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Maquayr bu mövsüm Premyer Liqada ayın ən yaxşısı seçilən ilk “Mançester Yunayted” futbolçusudur. Əvvəlki aylarda “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah oktyabrın ən yaxşı oyunçusu seçilmişdi. “Tottenhem”in futbolçularından Ceyms Meddison avqustda, Son Hın Min is sentyabrda ayın futbolçusu elan edilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: