“Mançester Yunayted”in ingilis müdafiəçisi Harri Maquayr Premyer Liqanın noyabr ayı üç ən yaxşı oyunçusu seçilməsinə münasibətini bildirib.
Arena.az məlumat verir ki, Maquayr bu barədə özünün sosial şəbəkə hesabları üzrəindən yazaraq komanda yoldaşlarına və azarkeşlərinə duyğusalca təşəkkür edib:
“Komanda yoldaşlarım, heyətim və azarkeşlərim olmasaydı, buna nail ola bilməzdim. Sevginiz və dəstəyiniz diqqətimdən yayınmır, mən bunu yüksək qiymətləndirirəm”, – Maquayr dərc edib.
Vurğulayaq ki, Premyer Liqanın tarixi ərzində Maquayr ayın oyunçusu seçilmiş 15-ci müdafiəçi olub.
Xatırladaq ki, cari mövsümün ərəfəsində Maquayr oyun böhranı keçirərək, “Mançester Yunayted”in əsas heyətində yerini itirmiş, komandanın kapitanlıq sarğısı əlindən alınmış, hətta transferə çıxarılmışdı. Üstəlik İnternet şəbəkəsində futbolçuya münasibətdə tənqid və aşağılayıcı lağlağılar baş alıb gedirdi. Göründüyü kimi, psixoloji təzyiq altında olmasına rəğmən, Harri Maquayr qısa müddətdə toparlanaraq, zirvəyə qayıtmağa bacarıb.
Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro müqabilində “Lester Siti”dən keçib. Müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində 15 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi bircə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023 İngiltərə Liqa Kubokuna sahib olub.
Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Harri Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.


