İngiltərə yığmasının və “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrın anası oğlunu tənqid edənlərdən onun müdafiəsinə qalxıb.
Arena.az bu barədə “Manchester Evening News”a istinadən məlumat verir.
Maquayr mütəmadi olaraq dəfələrlə müdafiədə səhvlərə yol verməsilə səciyyəvidir və məhz bu məqamlardan dolayı xeyli müddətdir onun siması azarkeşlərin dilində karikaturaya dönüb. Harri yöndəmsizlik və “dəvə durdu, dam uçuldu” rəmzinə çevrilib.
Mərkəz müdafiəçisi son olaraq bir neçə gün öncə Şotlandiya yığmasına qarşı yoldaşlıq oyununda əvəzedici qismində meydana daxil olduqdan sonra topu öz qapısına göndərib. Oyun ingilislərin səfərdə 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt bu xüsusda deyib: “Bu, ona qarşı yöndəmsiz münasibətin nəticəsidir. Mən heç vaxt belə bir şey görməmişəm. Bu, sadəcə olaraq əndazədən kənardadır”.
“Orada baş verənlər qəbuledilməzdir”
Maquayrın anası isə tənqidçilərdən oğlunun müdafiəsinə qalxıb: “Mən bir ana kimi, oğlumun bəzi azarkeşlərdən, mütəxəssislərdən və kütləvi informasiya vasitələrindən aldığı bu mənfi və təhqiramiz şərhləri görürəm. Bu, sadəcə olaraq, biabırçılıqdır və həyatın istənilən təbəqəsi üçün tamamilə qəbuledilməzdir, klubun və ölkənin xeyrinə çox çalışan insanlar bir kənara.
Mən həmişə olduğu kimi, həmin gün də tribunada idim. Orada baş verənlər qəbuledilməzdir. Başa düşürəm ki, futbol dünyasında eniş-yoxuş, müsbət və mənfi məqamlar olur, amma Harri ilə bağlı baş verənlər futboldan çox-çox kənara çıxır.
Onun bundan keçdiyini görmək mənim üçün normal deyil. Gələcəkdə digər valideynlərin və ya futbolçuların, xüsusən də bu gün yenicə özlərinə yol açan gənc oğlan və qızların bunu yaşamasını görmək istəməzdim.
Harrinin böyük ürəyi var və yaxşı iş görür. O, mənən güclüdür və başqalarının güman ki öhdəsindən gələ bilməyəcəyi şəkildə bunun öhdəsindən gələ bilər. Heç kimə bu cür təhqiri arzulamıram, – Zoi Maquayr “Instagram” hesabı üzərindən paylaşıb.
Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Harri Maquayr “Mançester Yunayted”in heyətində 31 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində 1 oyun keçirib və eynən, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Daha əvvəl Maquayr “Mançester Yunayted”in kapitan sarğısından məhrum edilmişdi. Müdafiəçinin həm də satış məsələsi gündəmə gəlmişdi, amma satış baş tutmayıb. Maquayr kapitan sarğısı əlindən alınsa da, “qırmızı şeytanlar”ın heyətində yerini möhkəmlətəyə qərar verib.
Bir vaxtlar Harri Maquayrın 87 milyon avroya “Lester Siti”dən “Mançester Yunayted”ə keçidi, onu futbol tarixinin ən bahalı müdafiəçisi etmişdi. Bu gün isə “Transfermarkt” internet-portalı 30 yaşlı Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.
Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 59 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi bircə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023 İngiltərə Liqa Kubokuna sahib olub.


