İspan sağ cinah müdafiəçisi Hektor Belyerin azad agent qismində Sevilya təmsilçisi “Betis”in sıralarına qoşulub.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Betis” Belyerinlə 5 illik (2028-ci ilin iyul ayına qədər) müqavilə imzalandığını açıqlayıb.
Xatırladaq ki, Belyerin “Barselona”nın yetirməsidir. O, 2011-ci ilin yayında, 16 yaşı olarkən 500 min avro qarşılığında İngiltərənin “Arsenal” klubuna satılıb. Müdafiəçi 10 ildən çox formasını geyindiyi London təmsilçisində bütövlükdə 239 oyuna çıxıb və 9 qola imza atıb. O, 2013/14 mövsümündə İngiltərənin “Uotford” klubunda icarədə olub. Müdafiəçi 2021/22 mövsümünü də məhz indiki klubu “Betis”də icarədə keçirib, həmin mövsümdə İspaniya Kubokunu qazanıb. 2022-ci ilin yayında isə Belyerin 11 illik fasilədən sonra yetirməsi olduğu “Barselona”ya qayıdıb. Kataloniyada cəmi yarım mövsüm duruş gətirən futbolçu bu ilin əvvəlində “Sportinq”ə üz tutmuşdu. Amma o, Lissabon təmsilçisindən də ayrılıb və indi yenidən La Liqada çıxış edəcək. Müdafiəçi geridə qalan mövsümdə kataloniyalıların heyətində 7 oyun keçirib, lissabonluların heyətində isə 13 oyuna çıxaraq 1 qol vurub.
Hektor Belyerin 2016-2020-ci illərdə İspaniya yığmasında çıxış edib, “qırmızılar”ın heyətində 4 oyuna çıxaraq məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 28 yaşlı Belyerini 8 milyon avro məbləğində qiymətləndirir.
“Betis”ə gəlincə, Sevilya təmsilçisi ötən mövsüm La Liqada 38 oyundan 60 xal toplayaraq 6-cı yeri tutub və qarşıdakı mövsümdə Avropa Liqasının qrup mərhələsində iştirak edicək.


