Azərbaycan cüdo yığmasının liderlərindən olan Hidayət Heydərov karyerasında üçüncü dəfə Avropa çempionu olub.
Arena.az xəbər verir ki, bu il böyüklər arasında Avropa çempionatı Fransanın Monpelye şəhərində keçirilir.
Yarışın ikinci günündə Azərbaycan yığmasının 3 cüdoçusu mübarizə aparıb. Kişilər arasında -73 kq çəkidə Hidayət Heydərov və Rəşid Məmmədəliyev, -81 kq çəkidə isə Zelim Tçkayev tatamiyə çıxıblar. Onlardan yalnız Hidayətin çıxışı uğurlu alınıb. Zelim və Rəşid medal şanslarını elə ilk mərhələlərdə itiriblər.
Heydərov isə bütün rəqiblərindən güclü olub. Hidayət ardıcıl olaraq Belçika, Polşa, Macarıstan və Moldova təmsilçilərinə qalib gəlib. O, finalda ispaniyalı idmançı Salvador Kases Roka ilə qarşılaşıb. Hidayət Heydərov finalda əsas vaxtda “kata-quruma” ilə “vazari” xalı alıb. O, rəqibini “osaekomi” saxlayaraq ikinci “vazari” xalını qazanıb və təmiz qələbə əldə edib.
Qeyd edək ki, bu qələbə ilə Hidayət Heydərov 3-cü dəfə böyüklər arasında keçirilən Avropa çempionatlarında qızıl mükafat əldə edib. O, ardıcıl ikinci dəfə Avropa çempionu olmaqla titulunu qoruyub.
Xatırladaq ki, Monpelyedəki Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Azərbaycan yığması bu yarışda 9 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunur. Cüdoçularımız AÇ-də ACF-nin vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edirlər. İlk yarış günündə Azərbaycan idmançıları medalsız qalmışdılar.
Sonuncu yarış günündə daha üç cüdoçumuz qüvvəsini sınayacaq. Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) yarışa 1/16 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq Laşa Bekauri (Gürcüstan) və Harri Lovell-Hyuitt (Böyük Britaniya) ilə üz-üzə gələcəklər.
Uşanqi Kokauri (+100 kq) isə bu raunddan azaddır. 1/8 finaldan mübarizəyə başlayacaq idmançının rəqibi Mirça Kroytoru (Rumıniya) – Marius Fizel (Slovakiya) cütünün qalibi olacaq.



