Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) Azərbaycana ilk medalı cüdoçu Hidayət Heydərov qazandırdı.
Arena.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançımız cari Olimpiadanın üçüncü günündə fərqlənib.
Hidayət Parisdəki yarışın finalında fransalının kürəyini tatamiyə vurub. O, həm də ən erkən olimpiya medallarımızı qazanan Elnur Məmmədli və Rüstəm Orucovun şərikli rekordunu təkrarlayıb. Hər üç cüdoçu 73 kq çəkidə finala yüksəlib. Məmmədli Pekin-2008-də, Heydərov Paris-2024-də çempion olubsa, Orucov Rio-2016-da gümüşlə kifayətlənib.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bütün qələbələrini qızıl xalla əldə edib.
Hidayətin uğuru Azərbaycan idmançılarının Olimpiya Oyunlarında 8-ci qızıl medalı olub. Müstəqil ölkə kimi Atlanta-1996-da debüt edən millimiz buna 8-ci Olimpiadasında imza atıb. Əvvəlki 7 yarışda 7 qızıl olub.
Heydərov Olimpiya çempionu olan ikinci cüdoçudur. İlk belə uğura onun məşqçisi Elnur Məmmədli imza atıb. Pekin-2008-dən 16 il sonra yığmamız ikinci qızıla yiyələnib.
Olimpiadalarda digər qızıl medallardan 3-nü sərbəst güləşçilər, 1-ni yunan-Roma pəhləvanı, 1-ni güllə atıcısı, 1-ni taekvondoçu qazanıb.
Bütövlükdə isə Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarındakı medallarının sayı 50-yə çatıb. Paris-2024-də zəfər yaşayan Hidayət Heydərovun təmin etdiyi mükafat yubiley xarakteri daşıyıb.
İlk dəfə Atlanta-1996-da iştirak edən millimiz arxada qalan yeddi Olimpiadada 7 qızıl, 14 gümüş və 28 bürünc qazanmışdıb. Parisdəki uğur bu mükafatların ümumi sayını 50-yə yüksəldib.
Hidayət Heydərov cüdo yığmamızın aktivinə 6-cı medalı gətirib. Bunadək tatamı ustalarımız 1 qızıl, 2 gümüş və 2 bürünc əldə etmişdilər.
Azərbaycanın Olimpiya çempionu olmuş idmançıları:
Namiq Abdullayev – güləş
Toğrul Əsgərov – güləş
Zemfira Meftahəddinova – atıcılıq
Şərif Şərifov – güləş
Fərid Mansurov – güləş
Elnur Məmmədli – cüdo
Radik İsayev – taekvondo
Hidayət Heydərov – cüdo


