Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulub.
Onlardan yalnız Hidayət Heydərovun çıxışı daha uğurlu alınıb. 73 kq-da mübarizə aparan millimizin lideri ikinci mərhələdən mübarizəyə başlayıb. Akil Qyakovaya (Kosovo) qalib gələn dördqat Avropa çempionumuz 1/8 finalda Salvador Roça (İspaniya) ilə münasibətinə aydınlıq gətirib. O, növbəti qələbəsini qazanaraq 1/4 finala yüksəlib. Ardınca Daniel Karqninə (Braziliya) qalib gələn cüdoçumuz yarımfinala adlayıb. Finalın bir addımlığında İqor Vandtkeni (Almaniya) məğlub edən Hidayət həlledici görüşə vəsiqə qazanıb. Titul uğrunda qarşılaşmada onun rəqibi Tatsuki İşihara (Yaponiya) olub. Vazzari xalı ilə geridə olan Hidayət sona 10 saniyə qalmış ippon fəndi işlədərək, dünya çempionu tituluna yiyələnib.
Hidayət Heydərov 11 ildən sonra Azərbaycana qızıl medal qazandırıb. Müstəqillik qazandıqdan cüdoçularımız ilk dünya qızılına 2013-cü ildə sahib çıxıb. Mundialın ən yüksək əyarlı medalını Braziliyada keçirilmiş yarışda Elxan Məmmədov əldə edib.
Heydərov 25 gün əvvəl Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında da 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsində yer almışdı. O, bundan əvvəl Varşava (2017), Sofiya (2022) və Monpelye (2023) şəhərlərində təşkil olunan qitə çempionatlarında qızıl qazanıb.
İndi Hidayəti Paris-2024 Yay Olimpiya Oyunları gözləyir. Yığmamızın lideri Fransa paytaxtında ən yüksək əyarlı medalı qazanmağa real namizəddir. O, qələbə sayəsində tarixi uğura imza ataraq, ilin hər üç mötəbər yarışını qızılla başa vura bilər.
Əbu-Dabidəki mundialda 66 kq-da mübarizə aparan və ikinci mərhələdən yarışa start verən Yaşar Nəcəfov startda Baul Ana (Cənubi Koreya) məğlub olub. Bu çəki dərəcəsindəki digər təmsilçimiz – Kamran Süleymanov isə ilk görüşündə Məhəmməd Abdelmavquda (Misir) uduzub.
Qadınların yarışında da Acelya Toprak (57 kq) ilk mərhələdə Bayit Kussakbayevaya (Qazaxıstan) qalib gəlib. Cüdoçumuz daha sonra Telma Monteyrodan (Portuqaliya) güclü olub. O, 1/8 finalda Mimi Huha (Cənubi Koreya) uduzub.
Xatırladaq ki, ilk yarış günündə tatamiyə çıxan 3 cüdoçumuz mundiala medalsız vida etmişdi.


