Azərbaycan cüdoçuları Zelim Tçkayevlə Hidayət Heydərov Bakıda təşkil olunmuş “Böyük Dəbilqə” turnirinin qalibi olublar.
Arena.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 9 üzvü qüvvəsini sınayıb.
Onlardan üçünün çıxışı daha uğurlu olub. Belə ki, cüdoçularımız günü 2 qızıl və 1 gümüş medalla başa vurublar. Hidayət Heydərov və Zelim Tçkayev birinci, Ömər Rəcəbli isə ikinci yeri tutub.
73 kq çəkidə bütün rəqiblərindən güclü olan Hidayət Heydərovun finaldakı rəqibi Abubakr Şeron (Tacikistan) olub. Titullu cüdoçumuz bu rəqibini də üstələyərək, növbəti dəfə “Böyük Dəbilqə”nin qalibi olub.
81 kq çəkidə isə Azərbaycan finalı baş tutub. Həlledici görüşdə komanda yoldaşı Ömər Rəcəbliyə qalib gələn Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ömər Rəcəbli isə gümüş mükafata yiyələnib.
Digər cüdoçularımızdan Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanmaq şansına malik olsa da, bunu dəyərləndirə bilməyib. O, 3-cü yer uğrunda dueldə Artur Marqelidona (Kanada) uduzub.
Bu gün mübarizəyə qoşulmuş digər cüdoçularımız – Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nurlan Osmanov (73 kq), İbrahim Əliyev (73 kq) və Səid Mollayi (81 kq) isə Bakıdakı “Böyük Dəbilqə”ni medalsız başa vurublar.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycanın 15 cüdoçusundan yalnız ikisi – Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanmışdılar. Milli Gimnastika Arenasında təşkil olunmuş yarışa sabah yekun vurulacaq.


