IFAB ilk “dəlləkliyini” İngiltərə Premyer Liqasında etmək fikrindədir

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən gələn mövsümdən etibarən tətbiq edilməsi nəzərdə tutulmuş təcrübə gündəm olub.

Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, IFAB Premyer Liqa kimi yüksək səviyyəli futbol yarışlarında reqbi tərzi tədbirlərinin sınaqdan keçirilməsinə prinsipial olaraq öz təsdiqini verib.

Mənbənin məlumatına görə, müvafiq təcrübə növbəti mövsümdən tətbiqinə başlaya bilər. IFAB həddindən artıq cəzaya – qırmızı vərəqəyə layiq olmayan, amma xəbərdarlıq üçün çox ciddi olan qayda pozuntularına görə 10 dəqiqəlik cəzalar tətbiq edə bilər.

Çərşənbə axşamı keçirilmiş görüşdə bu xüsusda verilmiş nümunələrdən biri, italiyan müdafiəçi Corcio Kyellininin son Avropa çempionatının finalında İngiltərə yığmasının sağ vingeri Bukayo Sakaya qarşı kobud qayda pozuntusu ilə müşayiət edilmiş oyunu olub və bu, yalnız sarı vərəqə ilə nəticələnib.

Xatırladaq ki, daha əvvəl, IFAB hakimi təhqir etmiş oyunçuya 10 dəqiqəlik cəza tətbiq etməyi düşünürdü. Yalnız komandanın kapitanının hakimə yaxınlaşmasına icazə verilməsi imkanları da nəzərdən keçirilib. Şura üzvləri bunun, iki və ya daha çox oyunçu etiraz əlaməti olaraq hakimi mühasirəyə aldıqda, oyunun hakimi tərəfindən kart göstərməyə icazə verən mövcud reqlamentə əhəmiyyətli dərəcədə təsir edəcəyi qənaətindədirlər.

Bununla belə, mühafizəkar mövqedə olan futbol adamları IFAB-ı bu “dəlləkliyin” futbolun simasına xələl gətirəcəyi və futbolu futbolluqdan çıxaracağı ehtimalına da göz yummamağı diqqətə almağa çağırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: