“İnter” Lukakuya görə “Çelsi”yə yeni təklif ünvanladı

İtaliyanın “İnter” klubu “Çelsi”nin və Belçika yığmasının hücumçusu Romelu Lukakunu transfer etmək üçün cəhd edir.

Arena.az bu barədə jurnalist-insayder Canluka Di Marsioya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “İnter” rəhbərliyi 30 yaşlı hücumçu üçün “zadəganlar”a yeni təklif ünvanlayıb. İtalyanlar 30 milyon avro və əlavə bonuslar təklif ediblər. “Neradzurri”nin nümayəndələri bu məbləğin belçikalı hücumçunu buraxmaq üçün “zadəganlar”ı razı sala biləcəyinə əmindirlər.

Lukaku 2022/2023 mövsümündə icarə əsasında “İnter”də çıxış edib, komandanın heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl “İnter”in baş məşqçisi Simone İnzaginin Lukakunu yenidən komandasında görmək istəməsi haqda məlumat yayılmışdı.

Vurğulayaq ki, daha bir məlumatda “Yuventus”un da Lukakuya ciddi maraq göstərdiyi deyilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: