“İnter” “neradzurri”nin 27 yaşlı fransalı mərkəz hücumçusu Markus Türamın səhhəti ilə bağlı rəsmi bəyanat yayıb.
Arena.az xatırladır ki, Türam Çempionlar Liqasının 1/4 finalının “Bayern”lə Milanda keçirilmiş cavab görüşündə (2:2, ilk oyun 2:1) bütün oyunu meydanda keçirsə də, sonradan əzələ narahatlığından şikayətlənmişdi.
“Bu gün səhər Markus Türam tibbi müayinədən keçib. Müayinə futbolçunun sol ombasının ötürücü əzələsinin funsional yüklənməsini müəyyənləşdirib. Onun səhhəti gündəlik surətdə qiymətləndiriləcək”, – “İnter”in rəsmi bəyanatında deyilir.
Markus Türam 2023-cü ilin yay transfer pəncərəsində Mönxenlqadbax “Borussiya”sından azad agent qismində “İnter”ə keçib. Türamın “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə fransalı hücumçu “neradzurri”nin heyətində 44 oyuna çıxıb, 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Türamın “İnter” karyerası ümumilikdə 90 oyun, 32 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Markus Türamın qənimətlər muzeyində İtaliya Super Kuboku (2023/2024) və İtaliya A Seriyası çempionluğu (2023/2024) var.
Markus Türam 2020-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 29 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Markus “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transferemarkt” intermet-portalı 27 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Markus Türam Fransa yığmasnın heyətində DÇ-98-in qalibi olmuş Lilian Türamın oğlu və “Yuventus”un yarımmüdafiəçisi Xefren Türamın böyük qardaşıdır.


