İtaliyanın “İnter” klubu sol cinah müdafiəçisi Matteo Darmian və yarımmüdafiəçisi Henrix Mxitaryanla yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu gün Federiko Dimarko ilə yeni sözləşmə imzalandığını açıqlamış A Seriyası nəhəngi eyni gün içində daha iki futbolçusu ilə “nikah” təzələdiyini açıqlayıb.
Hazırda 34 yaşı olan hər iki futbolçu ilə əvvəlki sözləmənin müddəti bu mövsümün sonuna qədər idi. Yeni müqaviləyə əsasən Darmian 2025-ci ilin, Mxitaryan isə 2026-cı ilin 30 iyununa qədər Milan klubunda qalacaq.
Matteo Darmian “Milan”ın yetirməsidir. Lakin o, yetirməsi olduğu bu klubun əsas komandasında cəmi 6 matça çıxıb. “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted” və “Parma” kimi klublarda da oynamış təcrübəli müdafiəçi 2020-ci ilin oktyabr ayından “İnter”də çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 140 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Darmian İtaliya yığmasında da 41 oyuna 2 qol vurub.
Henrix Mxitaryan isə 2022-ci ilin yayından “İnter”də çıxış edir. Erməni futbolçu İtaliya təmsilçisində indiyə qədər 73 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Mxitaryan daha öncə İtaliyada “Roma”nın da formasını geyinib. O, İngiltərənin “Arsenal”, “Mançester Yunayted”, Almaniyanın “Borussiya” (Dortmund), Ukraynanın “Şaxtyor” (Donetsk), “Metallurq” (Donetsk), Ermənistanın “Pünik” klublarının da uğurları üçün çalışıb. Ermənistan yığmasında 95 oyun keçirmiş yarımmüdafiəçi, 32 qol vurub.


