Milan “İnter”inin baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”a keçəcəyi ilə bağlı şayiələri cavablayıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, 49 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, elə, hər il baş verir. İtaliyadan sorğular var, xaricdən, Səudiyyə Ərəbistanından da, amma bu haqda indi düşünmək ağılsızlıq olardı. Mənim, rəhbərliklə gözəl münasibətim var. Çempionlar Liqasının final oyunundan sonra biz oturub danışacağıq, bunu son bir neçə ildə həmişə etdiyimiz kimi və yeganə məqsəd “İnter” üçün yaxşı olması olacaq. Əgər hər şey qaydasında olsa, biz ahənglə irəliyə doğru hərəkət edəcəyik, bunu elə, son illər ərzində etdiyimiz kimi”, deyə Simone İnzaqi vurğulayıb.
Xatırladaq ki, “İnter” cari mövsümdə İtaliya Kubokunun yarımfinalında (səfərdə 1:1, evdə 0:3) və İtaliya Super Kubokunun finalında (2:3) əzəli rəqibi “Milan”a yenilib. İtaliya A Seriyasında isə “neradzurri” mövsüm boyu üstünlük saxladığı bir mənzərədə çempionluğu demək olar ki, öz əli ilə “Napoli”yə təslim edərək, yarış cədvəlinin 2-ci pilləsində gümüş medalla kifayətlənib.
“İnter” bütün güc-qüvvəsini Çempionlar Liqasına verib və ümidini, yüksəldiyi finaldakı həlledici oyuna bağlayıb.
UEFA Çempionlar Liqasının finalında “İnter” Fransa nəhəngi PSJ ilə qarşılaşacaq. Həlledici oyun mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək.


