İnzaqi: “İnter”in PSJ və ya MS qədər büdcəsi olmasa da…”

“İnter”in baş məşqçisi, 49 yaşlı italyan mütəxəssis Simone İnzaqi “neradzurri”nin heyətinin oyunlarda növbələşdirilməsini əsaslandırıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən uzun və ağır mövsümdən sonra oyunçularıma azacıq istirahət verməliyəm. Bu gün oyunda (İtaliya A Seriyasının “Torino” ilə 36-cı tur səfər oyunu, 2:0 – redaktorun qeydi) olmayan oyunçulara gəlincə, mən düşünmürəm ki, onlardan hər hansını “Latsio” ilə oyunda (37-ci tur) heyətə qaytaracağıq. Amma görək, “Komo ilə sonuncu oyunumuzda (38-ci tur) nə olacaq. Biz sakitliklə və sevinclə məşq etməliyik, çünki narahatlıq heç nə verməyəcək.

Adamlar deyirlər ki, “İnter”in heyəti çox da böyük deyil, amma bizim, “Pari Sen-Jermen”, “Mançester Siti” və ya “Bayern”dəki qədər büdcəmiz də yoxdur, ona görə də biz təşkilati baxımdan daha yaxşı olmalıyıq. Belə bir ürəklə biz hamı ilə mübarizə aparmağa qadirik”, deyə İnzaqi məmnunluqla vurğulayıb.

36 oyundan 77 xalla “İnter” İtaliya A Seriyasının 2-ci pilləsindən, 78 xalla zirvədə qərarlaşmış “Napoli”ni daban-daban təqib edir.

“İnter” həmçinin cari mövsümün Çempionlar Liqasının finalına yüksəlib və mayın 31-də Münhenin “Alyans Arena” stadionunda Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: