İspan azarkeşlər İspaniya yığmasının AÇ-2024-dəki qələbəsini qeyd edərkən, hücumçu Lamin Yamala qışqıraraq onu xamon yeməyə səsləyiblər.
Arena.az bu barədə jurnalist Xorxe Pueyoya istinadən məlumat verir:
“Sizin 16 yaşlı oğlanınız var. O, heyrətamiz zərbələr vurur, amma siz səsinizi başınıza atıb qışqıraraq “Lamin Yamal vetçina yeyir”, deyə onu təhqir edirsiniz. Bəziləri üçün bu, futbol deyil, istisna və irqçiliyə əsaslanan ispan millətçiliyinin təntənəsidir”, – Pueyo yazıb.
Lamin Yamal etiqadca müsəlmandır, müsəlmanlara isə müqəddəs Qurani-Kərimin buyuruğu əsasında donuz yemək (donuz ətindən hazırlanmış qidalar və həmçinin xamon) haramdır.
Xatırladaq ki, İspaniya yığmasının vingeri Lamin Yamal 17 yaş 1 günlüyündə Avropa çempionatını qazanmış ən gənc oyunçu olaraq, adını futbol salnaməsinə yazıb.
Yamal yarışı yüksək səviyyədə keçirərək, 4 məhsuldar ötürmə ilə fərqlənib, həmçinin 1 qol vurub. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Yamal 5 bal (1+4) toplayıb və komanda yoldaşı Daniel Olmo ilə birlikdə Avropa çempionatının ən səmərəli oyunçusu olub.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. O, milli komanda ilə də AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


