İspaniya millisinin dünya çempionatında (DÇ-2026) qazandığı tarixi qələbənin ölkə üzrə qeyd olunması bəzi bölgələrdə insidentlərə səbəb olub.
Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.
Bayram tədbirləri zamanı ölkə üzrə 80-dən çox nəfər xəsarət alıb, ən azı 12 nəfər saxlanılıb, 2 nəfər isə həyatını itirib. Ölənlər arasında 13 yaşlı yeniyetmə də var.
Madrid Muxtar Vilayətində gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində minlərlə azarkeş küçələrə çıxaraq qələbəni qeyd edib. Hökumətin bölgə nümayəndəliyinin məlumatına əsasən, paytaxtda müxtəlif hüquq pozuntularına görə 7 nəfər saxlanılıb. Rəsmilər ciddi iğtişaşların baş vermədiyini bildiriblər.
Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində zorakılıq halları da qeydə alınıb.
Navarra muxtar bölgəsinin Berriosar qəsəbəsində dünya çempionatının finalını barda izləyən hərbçilərə hücum edilib. Məlumata görə, təxminən 10 nəfər maskalı və kapüşonlu şəxs metal çubuq və teleskopik dəyənəklərlə hərbçilərin əyləşdiyi masaya hücum edib. Nəticədə 6 nəfər, o cümlədən 3 hərbçi xəsarət alıb. Hadisə ilə bağlı İspaniya Mülki Qvardiyası araşdırma aparır. Hələlik saxlanılanların olmadığı bildirilir.
Oxşar hadisələr Basklar ölkəsində də yaşanıb. Vitoriya-Qasteys şəhərində təxminən 30 nəfər İspaniya millisinin forması geyinmiş iki gəncə hücum edib. Hücum edənlərin “Alaves” klubunun ultrasları ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Bilbao şəhərində bir qrup şəxs final matçının izlənilməsi üçün quraşdırılmış nəhəng ekranı aşırmağa cəhd göstərib.
Eybar şəhərində isə kapüşonlu gənclər İspaniya bayrağını yandıraraq meydanda quraşdırılmış böyük ekranın yaxınlığında Basklar ölkəsi millisinin lehinə şüarlar yazılmış bannerlər açıblar.
Qeyd edək ki, İspaniya millisi ABŞ-ın Nyu-Cersi ştatının İst-Ratford şəhərində keçirilən final qarşılaşmasında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.


