KİV-də “Latsio”nun qapıçısı İvan Provedelin Rusiya vətəndaşlığı almasının mümkünlüyü haqda söz-söhbət dolaşmağa başlayıb.
Arena.az məlumat verir ki, müvafiq şayiələrin təkzibi ilə Provedelin maraqlarını təmsil edən futbolçunun agenti Canni Rava çıxış edərək bildirib ki, müştərisi Rusiya pasportu almaq niyyətində deyil:
“Xeyr, İvan Rusiya pasportu almağı planlaşdırmır. Rusiya yığması və Rusiya Premyer Liqasının klublarının marağına gəlincə, bizə heç kim zəng etməyib”, deyə Rava bildirib.
İvan Provedel Pordenone şəhərində dünyaya gəlib. İvanın atası italyan, anası Yelena isə Moskvadan olan rusdur. Provedelin gündəmə gəlməyinə səbəb olmuş hadisə, onun qapıçı olmasına rəğmən, “Latsio”nun heyətində Çempionlar Liqasında qol vurmasıdır. İvan Romanın “Olimpiko” stadionunda Madrid “Atletiko”su ilə oyunun (1:1) əlavə olunmuş 5-ci təzminat dəqiqəsində “döşəkçilər”in qapısından bərabərlik qolunu keçirərək, sloven həmkarı Yan Oblakı məyus edib.
Provedel 2022-ci ilin avqustundan “Latsio”da çıxış edir. Tərəflər arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Provedel “Latsio”nun heyətində 5 oyuna çıxıb, 8 qol buraxıb, “quru” oyun keçirməyib. Ümumilikdə Provedel “Latsio”nun heyətində 50 oyuna 51 qol buraxıb, 22 oyunda qapısının toxunulmazlığını təmin edib. Məhz “Latsio”da Provedel daha da tərrəqqi edib və A Seriyasının 2022/2023 mövsümünün ən yaxşı qapıçısı adına layiq görülüb.
Maraqlıdır ki, “qartallar”a bir xal qazandırmış Provedel daha əvvəl də qol vurmağı bacarıb. 3 il əvvəl “Yuve Stabiya”da icarə əsasında İtaliya B Seriyasında çıxışı zamanı Provedel, “Askoli” ilə oyunun 90+5-ci dəqiqəsində başını işə salaraq komandasının xilaskarına çevrilmişdi (2:2). İvanın 15 yaşına qədər hücumçu kimi çıxış etməsi də diqqətçəkən məqamdır.
İvan İtaliyanın U-20 yığmasında 5 oyun keçirib, 5 qol buraxıb, 3 oyundan “quru” qurtulub. Həmçinin Provedel U-21 yığmasına və Roberto Mançininin çalışdırdığı İtaliya yığmasına dəvət alsa da, debütü baş tutmayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı İvan Provedeli 12 milyon avro məbləğində qiymətləndirir.


