Qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Jalə Əliyeva Bakıda təşkil olunmuş U-23 Avropa çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatı davam edir.
Yarışın 5-ci günündə qadın güləşi üzrə 53, 57, 62, 65 və 72 kq-da qaliblər müəyyənləşib.
Elnurə Məmmədova (53 kq) finalda ukraynalı Liliya Malançukla qarşılaşıb. İlk hissəni minimal fərqlə öndə qapayan həmyerlimiz fasilədən sonra üstünlüyünü qoruya bilməyib və 2:13 hesabıyla məğlub olub. Bununla da güləşçimiz gümüş medalla kifayətlənib və 2022-ci ildəki nəticəsini təkrarlayıb.
Jalə Əliyeva (57 kq) həlledici görüşdə türkiyəli Elvira Kamaloğlu ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 5:3 hesablı qələbəyə sevinən Gəncə güləş məktəbinin yetirməsi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beləliklə, Əliyeva U-23 yaş qrupunda ilk 2 qat Avropa çempionu olan qadın güləşçimiz kimi adını tarixə yazdırıb.
Mərziyə Sadıqova (72 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Bukrenaz Sərtə məğlub olub – 0:13.
Azərbaycan yığmasına növbəti medalları qazandıran güləşçilərimiz bu uğurlarını belə şərh ediblər:
Elnurə Məmmədova: “Əslində, qalib olmalıydım. Hər şeyi yaxşı qurmuşdum. Finalda ilk hissədə 2:0 üstün idim. Növbəti hissədə özüm hücum etməliydim, amma bəzi səvhlər etdim və boşluqlar verdim. Yəqin, o məndən daha hazırlıqlı idi və çempionluq rəqibin qisməti idi. 2 ay zədə üzündən müalicə aldım. Bu da öz təsirini göstərdi. Hər şey Allahdandır. Söz verirəm ki, məni burada dəstəkləyən insanları gələn səfər üzməyəcəyəm”.
Jalə Əliyeva: “İki il əvvəl çempion, ötən il isə 3-cü olmuşdum. Allahın köməyi ilə bu dəfə də çempion oldum. Yaxşı təlim-məşq toplanışı keçmişdik. “Doğma divarlar”da fürsəti əldən verə bilməzdim. Qalib gələcəyimə inanırdım. Toğrul müəllim dedi ki, necə xalçaya daxil olursan, elə də əminliklə güləş. Allaha şox şükürlər olsun, sonda hər şey əla alındı”.


