Jalə Əliyeva dünya çempionu oldu!

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş güləş üzrə U-23 dünya çempionatı davam edir.

Mundialın 4-cü günündə qadın güləşi üzrə millimizin son 2 üzvü xalçaya çıxıb.

Jalə Əliyeva (57 kq) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.

Digər qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) debütdə qırğızıstanlı Kalmira Bilimbekqızından (4:1) güclü olsa da, 1/4 finalda estoniyalı Viktoriya Vessoya 1:7 hesabıyla məğlub olub.

Elnurə Məmmədova (50 kq) 1/8 finalda yaponiyalı Umi İto ilə bacarmayıb – 2:12.

Gültəkin Şirinova (55 kq) 1/8 finalda qırğızıstanlı Aruke Kadirbekqızına 5:9 hesabıyla məğlub olub.

Gülər Həbibova (59 kq) 1/8 finalda hindistanlı Anjli Anjliyə (0:10), təsəlliverici görüşdə isə çinli Honq Lianqa (tuş) müqavimət göstərə bilməyib.

Tiranadakı dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq. Son iki gündə sərbəst güləşçilərimiz mübarizə aparacaqlar. Daha öncə yunan-Roma güləşçilərimizdən Xasay Həsənli (77 kq) və Nihad Quluzadə (60 kq) bürünc, Rəşad Məmmədov (55 kq) gümüş medala sahib çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: