Jerar Pike: “Barselona” artıq bir neçə ildir ki, “güngörməz” yerdədir”

“Barselona”nın ispan keçmiş mərkəz müdafiəçisi Jerar Pike Kataloniya klubunun son ilər yaşadığı maliyyə çətinliklərinə toxunub.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Pike fikrinin müvafiq xüsusda idafəsi zamanı qaba ifadə işlətməkdən də çəkinməyib:

“Barsa”nın maliyyə fəsadları var, ona görə də gəncləri heyətə erkən cəlb edirlər. Biz artıq bir neçə ildir ki, “güngörməz” yerdəyik, amma biz oradan çıxıb-qurtulacağıq”, deyə Pike qətiyyətlə vurğulayıb.

Pikenin “güngörməz” dedikdə nəyi nəzərdə tutduğunu anlamağı isə oxucularımızın ixtiyarına buraxırıq.

Xatırladaq ki, Jerar Pike futbolçu karyerasını 2023-cü ilin yanvarında bitirib. “Barselona”nın yetirməsi olan Pike “blauqrana”nın gənclər komandasından dərhal “Mançester Yunayted”ə keçib və dörd il sonra Kataloniya nəhənginin düşərgəsinə qayıdıb. Pike “Barselona”nın heyətində bütün yarışlarda ümumilikdə 616 oyun keçirib, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Pike “Barselona” ilə 9 dəfə İspaniya La Liqasının, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Pike həmçinin “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.

Eyni zamanda, Pike İspaniya yığması ilə DÇ-2010-da və AÇ-2012 də çempion olub.

Vurğulayaq ki, Pike İspaniya Sequndasında çıxış edən “Andorra” klubunun da sahibidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: