Jerson 15 milyon avroya satıldı – “Flamenqo”ya

Fransanın “Olimpik” (Marsel) klubu yarımmüdafiəçisi Jerson Santos da Silva və müdafiəçisi İsaak Ture ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Jerson Braziliyanın “Flamenqo” klubuna satılıb. Fransa klubu bu keçiddən 15 milyon avro qazanıb. 25 yaşı olan hücumameyilli yarımmüdafiəçi Braziliya nəhəngi ilə müddəti 31 dekabr 2027-ci ilə qədər olan müqavilə bağlayıb.

Xatırladaq ki, Jerson Santos da Silva peşəkar karyerasına yetirməsi olduğu “Fluminense”də başlayıb. Daha sonra o, İtaliyada “Roma” və “Fiorentina”nın formasını geyinib. 2019-cu ildə yenidən ölkəsinə qayıdan Jerson “Flamenqo” ilə müqavilə bağlayıb. O, 2021-ci ilə qədər bu komandada 102 oyuna çıxıb, 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ildən isə yarımmüdafiəçi Marsel “Olimpik”inin uğurları üçün çalışırdı. O, Liqa 1 təmsilçisində 61 oyuna 13 qol vurub, 10 məhsuldar ötürmə edib. İndi yenidən “Flamenqo”ya üz tutan futbolçu Braziliya millisində də 4 oyun keçirib.

İsaak Ture isə “Oser”ə icarəyə verilib. 19 yaşlı olan mərkəz müdafiəçisi bu mövsümün sonuna kimi icarədə oynayacaq. “Havr”ın yetirməsi olan İsaak, 2022-ci ilin iyunundan Marsel “Olimpik”ində çıxış edirdi. O, bu klubun əsas komandasında cəmi 5 oyuna çıxıb. Fransalı futbolçu bu ölkənun U-19 yığmasının da formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: