“Braqa”nın yarımmüdafiəçisi Joao Moutinyo Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Portuqaliya millisində də oynamış 37 yaşlı ulduz futbolçu Azərbaycan çempionuna doğma meydanda 2:4 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Etiraf etməliyəm ki, çox zəif çıxış etdik. Çempionatda “Sportinq”ə məğlubiyyətdən sonra burada başqa cür oyun göstərmək istəyirdik. Təəssüf ki, bacarmadıq. Nə qələbəyə, nə də heç-heçəyə layiq idik. Başda mən olmaqla, hər kəs daha çoxunu etməlidir. Təkcə sözlə deyil, meydanda hərəkət etməklə nəyəsə nail ola bilərik. Əlimizdən gələni etməli və həmişə 100 faiz gücümüzü ortaya qoymalıyıq. Bütün oyunlar son dərəcə çətindir. Rəqiblərin daha çox istəmələrinə imkan verə bilmərik. Söhbət təkcə keyfiyyətdən getmir. Bu, istəkdə, iradədə özünü göstərməlidir”.
Joao Moutinyo son dəqiqələrdə ikinci qolu vurmağın onları ümidləndirdiyini söyləyib: “Bilirdik ki, oyun 1:4 bitsə, hər şey çox çətin olacaq. İstənilən halda, vəziyyət indi də çətindir. İkinci qol, sadəcə, ümid yaratdı. Lakin geridönüş üçün səfərdə daha çoxunu etməliyik. “Qarabağ” Avropa Liqasında çox yaxşı komanda olduğunu göstərdi. Mərhələ adlamaq üçün böyük inamları var. “Qarabağ”a fərqli münasibət göstərməliyik”.
“Cavab matçında qələbə üçün meydana çıxacağıq”
“Braqa”nın digər yarımmüdafiəçisi Vitor Karvalyo da istədikləri kimi mübarizə aparmadıqlarını etiraf edib. O, Bakıdakı cavab matçına qələbə üçün yollanacaqlarını vurğulayıb:
“Qarabağ” önündə bizdə döyüş, fədakarlıq ruhu çatışmırdı. Azarkeşlərin tənqidini başa düşürük. Çünki onlar bizdən yaxşı çıxış, fədakarlıq, mübarizə gözləyirlər. Həm çempionatda, həm də “Qarabağ”la cavab matçında qələbə üçün meydana çıxacağıq”.
Braziliyalı oyunçu Azərbaycan çempionunun onları yaxşı təhlil etdiyini düşünür: “Müdafiə planında daha yaxşı olmalıyıq. Bəzi keçidlər bizi ifşa etdi. Rəqib də həmin vəziyyətlərdən necə istifadə edəcəyini bilirdi. Biz bu formanı ürəkdən qəbul etmişik, daha çox şey verməliyik. Vəziyyəti də ancaq çox çalışaraq dəyişmək olar. İkinci qolu buraxanda komandada inamsızlıq yarandı. Rəqib təhlükəli əks-hücumlar etməyə başladı. İndi bazar günü çempionat matçında qələbə qazanmalı və cavab qarşılaşmasına daha inamlı hazırlaşmalıyıq”.
“Revanşda çox şeyləri fərqli etməliyik”
“Braqa”nın mərkəz hücumçusu Abel Ruis də görüşdən sonra fikirlərini bölüşüb:
“Bizim günümüz deyildi. Bunu qəbul etməli və dərhal reaksiya verməliyik. İstədiyimiz oyun deyildi. “Qarabağ” bizi bütün komponentlərdə üstələdi. Cavab matçında hər şeyi dəyişməliyik. Qarşıda 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionatdakı oyuna yönəldəcəyik. Bundan sonra “Qarabağ” haqda düşünəcəyik. Revanşda çox şeyləri fərqli etməliyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


