“Arsenal”ın 32 yaşlı italiyalı mərkəz yarımmüdafiəçisi Jorjinyo “topçular”ın cari idmani vəziyyəti haqda danışıb.
Arena.az xatırladır ki, Mikel Artetanın yetirmələri İngiltərə Premyer Liqasının son 7 oyununda qalib gəliblər.
“Bütün bu yaxşı şeyləri etdiyimiz üçün özümüzü yaxşı hiss edirik, amma davam etməliyik. Biz yalnız gördüyümüz işdən məmnun qalmamalıyıq. Əlbəttə, xoşbəxtik, amma xoşbəxt olmağa davam etmək istəyirik. Belə olmaq üçün sadəcə çox çalışmaq lazımdır”.
Yeri gəlmişkən, təcrübəli futbolçu yayda “topçular”la müqaviləsi başa çatdıqdan sonra “Barselona”nın oyunçusu olmaq istədiyini də bildirib. “Barselona” rəhbərliyi onunla yaxından maraqlanır və yarımmüdafiəçinin keyfiyyətlərinin komandaya uyğun olduğunu düşünür. Üstəlik, Jorjinyonun Kataloniya klubuna havayı qoşula bilməsi ehtimalı “Barselona” rəhbərliyini cəzb edir.
Jorjinyo “Arsenal”a 2023-cü ilin yanvarında “Çelsi”dən transfer edilib. O, bu komandanın heyətində ümumilikdə 42 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə ilə fərqlənib. Jorginyo “Arsenal”la Premyer Liqanın “gümüş”ünü qazanıb.
Futbolçunun “topçular”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Jorjinyonu 15 milyon avro məbləğində qiymətləndirir. O, karyerası ərzində “Çelsi”, “Napoli”, “Verona”, “Sambinofaçese” kimi klublarda da forma geyinib.
Yarımmüdafiəçi əslən Braziliyadan olsa da, 2016-cı ilin mart ayından İtaliya milli komandasında forma geyinir. O, bu komandanın heyətində 50 oyuna çıxıb, 5 qola imza atıb.


