Jota 8 milyon avroya “Renn”də!

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun sol vingeri Jota bundan sonra Fransanın “Renn” komandasının uğurları üçün çalışacaq.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tam adı Joao Pedro Neves Filipe olan 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik (2027-ci ilin 30 oyununa qədər) müqavilə bağlayıb. “Renn” onun transferi üçün “Əl-İttihad”a 8 milyon avro ödəyib.

Xatırladaq ki, “Əl-İttihad” Jotanı 2023-cü ilin yayında Şotlandiyanın “Seltik” klubundan 29,1 milyon avroya transfer etmişdi. Portuqaliyalı vinger bu bir il ərzində sözügedən komandada 25 oyuna çıxıb, 5 qol və 1 assistlə yadda qalıb.

Karyerası ərzində “Seltik”, “Benfika”, “Valyadolid” kimi klubların da şərəfini qorumuş Jota, Portuqaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. Amma əsas millidə ona ehtiyac duyulmayıb.

“Renn” öz futbolçularından Benjamin Burijeni da Qətərin “Əl-Duhail” klubuna satıb. Liqa 1 təmsilçisi bu satışdan 10 milyon avro qazanıb. 30 yaşlı fransalı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

“Lans”ın yetirməsi olan Burije 2017-ci ildən “Renn”in uğurları üçün çalışırdı. Təcrübəli futbolçu bu komandanın heyətində 311 oyun keçirib, 66 qol və 66 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın U-20 yığmasında oynamış Burijeyə əsas millidə şans verilməyib.

“Renn” mərkəz müdafiəçisi Məhəmməd Jauabı da “Amyen”ə icarəyə verib. “Amyen” mərakeşli 22 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə heyətinə qatıb.

Məhəmməd Jauab “Renn”in yetirməsidir. Liqa 1 klubu onu bu ilin yanvarında 400 min avroya “Amyen”ə satsa da, bu yay 1 milyon avro ödəməklə yenidən öz heyətinə qatmışdı. Yeni qərarla isə mərakeşli oyunçu “Amyen”də icarə əsasında çıxış edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: