Joze Mourinyo hakimə ilişdi: “Sən, lənətəgəlmiş biabırçısan!”

Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının “Sevilya” ilə final oyunundan sonra yeraltı dayanacaqda hakimlə haqq-hesab çəkib.

Arena.az təfərrüatı hələ açıqlanmayan hadisə haqda məlum məqamları diqqətinizə çatdırır.

Belə ki, Joze Mourinyo final fitindən sonra yeraltı maşın dayanacağında oyunun ingilis baş hakimi Entoni Teylora yaxınlaşaraq özünəməxsus üslubda “sən, lənətəgəlmiş biabırçılıqsan”, deyə ürəyini boşaldıb.

Şahidlər hisslərinə hakim ola bilməyən, hiddətlənmiş Mourun hakimə dişinin dibindən çıxan ifadələr dediyini təsdiqləyiblər. Hadisənin nə ilə başa çatdığı bildirilmir.

Xatırladaq ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” Avropa Liqasının finalında “Sevilya”ya penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olaraq (əsas və əlavə vaxt: 1:1) “gümüş”lə kifayətlənib.
“Sevilya” isə yeddiqat çempionluğunu rəsmiləşdirib (2006, 2007, 2014, 2015, 2016, 2020, 2023). “Sevilya” bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.

Bu məğlubiyyətlə Mourinyonun avrokubok finallarındakı ardıcıl beş qələbədən ibarət rekordu qırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: