Kənan Yıldız “Yuventus”la müqaviləsini yenilədi

“Yuventus”un 19 yaşlı türk hücumçusu Kənan Yıldız “byankoneri” ilə razılıq əldə edərək, klubla müqavilə müddətini uzadıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Həmçinin Yıldız “byankoneri”nin heyətində bundan sonra “10” nömrə altında çıxış edəcək.

Kənan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. Ötən ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu artıq öz adından söz etdirməyi bacarıb. Gənc yaşına rəğmən, Yıldız “Yuventus”un əsas komandasında 32 oyuna çıxıb, 4 qola imza atıb və 1 məhsuldar ötürmə verib.

Kənan Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 12 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.