Almaniya yığmasının və Dortmund “Borussiya”sının cinah hücumçusu Kərim Adeyemi bundan sonra “Barselona”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Kataloniya təmsilçisinin rəsmi sayına istinadən xəbər verir.
İspaniya çempionu bu keçid üçün “Borussiya”ya 22 milyon avro ödəyib. 24 yaşlı futbolçu ilə 5 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Kərim Adeyemi futbola “TSV Forstenrid” klubunda qədəm qoyub. Ardınca Adeyemi “Bayern”, “Unterhaxinq” və “Zalsburq”un futbol məktəblərini dolaşıb və 2018-ci ildə elə, “Zalsburq”la da böyük futbolda debüt edib. 2018-2020-ci illərdə Adeyemi “Liferinq”də icarə əsasında çıxış edib. “Borussiya” “Adeyemi”ni 2022-ci ilin iyulunda 30 milyon avro məbləğ müqabilində “Zalsburq”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatmışdı. Adeyeminin Dortmund klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Adeyemi “Borussiya”nın heyətində bütün yarışlarda 146 oyun keçirib, 36 qol vurub, 25 məhsuldar ötürmə verib.
Kərim Adeyemi 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Kərim Adeyeminin qənimətlər muzeyində “Zalsburq”la Avstriya çempionluğu (3 dəfə) və Avstriya Kuboku (3 dəfə) var. 2021/2022-ci illər mövsümündə Adeyemi 19 qolla Avstriya Bundesliqasının qalibi olub. Həmçinin Adeyemi Almaniyanın U-21 yığması ilə 2021-ci ili Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı sol cinah hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


