“Əl-İttihad”ın fransalı mərkəz hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanında təhdidlərlə üzləşib, onun həyatı təhlükə qarşısındadır.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Benzemanın vəkili Hyuq Vijye Fransanın daxili işlər naziri Cerald Darmanenin hücumçunun terror təşkilatı ilə əlaqəsi olduğu haqda iddia ilə çıxış etməsindən sonra, Kərimin Səudiyyə Ərəbistanında təhdidlər aldığını bildirib:
“Nazirin açıqlamalarının ciddi nəticələri var. Benzema təhdidlər alır, Səudiyyə Ərəbistanında, çalışdığı yerdə, nazirin iddiasına görə, terror təşkilatı ilə əlaqəsi olduğunu söylədikdən sonra. O, nifrət ismarışları alır”, deyə Benzemanın vəkili bildirib.
Xatırladaq ki, daha əvvəl Benzema Fransa daxili işlər naziri Jerald Darmaneni bu sözləri müqabilində məhkəməyə vermişdi.
“Deyirlər ki, Kərimin “Müsəlman Qardaşları” ilə sıx əlaqələri var. Xeyr! Onun “Müsəlman Qardaşları” ilə əlaqəsi yoxdur. Mən ondan soruşdum. Mənə cavab verdi: “Heç vaxt”. Onun onlarla heç bir əlaqəsi yoxdur. Bu, cəfəngiyyatdır. Nazirin sözlərinin çox böyük nəticələri var. Bəli, mən təsdiq edirəm ki, biz cənab Darmanenə qarşı iddia qaldırmışıq. Kərim nazirin dediklərini eşidəndə sarsılmışdı”, Benzemanın vəkili əlavə edib.
Benzema Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. O, “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “kral klubu”nda 14 mövsüm keçirib. Benzema “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Kərim “Əl-İttihad”ın heyətində bütün yarışlarda 20 oyuna 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Kərim Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


