Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 12-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Olimp-Dolqoprudnı” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.
Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də fərqlənib. O, 3-cü dəqiqədə penaltidən hesabı açıb. Lakin millimizin sabiq üzvü 39-cu dəqiqədə digər penaltidən dəqiq yararlana bilməyib.
“SKA-Xabarovsk” 12 turdan sonra 21 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


