Kanada yığması ilə bağlı böyük qalmaqal

Futbol üzrə Kanada yığması beynəlxalq miqyasda xoşagəlməz qalmaqalla üzləşərək, buna dair açıqlama verməli olub.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Kanada Futbol Assosiasiyasının (CSA) baş direktoru Kevin Blu bildirib ki, ölkənin milli komandaları ötən böyük yarışlarda, eləcə də ABŞ-da keçirilmiş 2024-cü il Amerika Kubokunda rəqiblərini izləmək üçün dronlardan istifadə edib.

Xatırladaq ki, bundan əvvəl Kanadanın qadınlardan ibarət futbol komandasının baş məşqçisi Bev Pristman 2024-cü il Paris XXXIII Yay Olimpiya Oyunlarında drondan istifadə edərək, rəqiblərinə casusluq etdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılıb. Məhz bu məqamın ortaya çıxması ilə kələfin ucu ələ keçib və Kanada yığmalarının bu biabırçı əməlinin üstü açılıb. Müvafiq rəsmi açıqlama bu haqda məlumat sızıntısının ictimailəşməsindən sonra verilib:

“Mən bu məsələ haqda öyrəndikcə, bu cür hadisələrin mütəmadi olması məni daha çox narahat edir və bu, tamamilə qəbuledilməzdir. Mən müvafiq məsələ ilə bağlı çoxlu lətifə olacaq rəylər almışam. Mən Amerika Kuboku zamanı dronlardan istifadə edilməsi cəhdindən də xəbərdaram”, deyə Blu vurğulayıb.
Bundan əlavə, Blu açıqlamasında Kanada Futbol Assosiasiyasının daxili araşdırma apardığını vurğulayıb. Məmur israr edir ki, oyunçuların özləri rəqiblərinə casusluq etmək məqsədilə dronlardan istifadə edilməsindən xəbərsiz olublar.

Xatırladaq ki, 2024-cü il Amerika Kubokunda Kanada yığması yarışın yarımfinalına qədər irəliləyib və burada gələcək çempion Argentina yığmasına 0:2 hesabı ilə məğlub olub. “Ağcaqayınlar” bürünc medal uğrunda oyunda isə Uruqvay yığmasına məğlub olublar (2:2, penaltilərlə 3:4).

Xəbəri sosial şəbəkələrdə paylaş: