“Real”ın və “Valensiya”nın sabiq qapıçısı Santyaqo Kanyisares “qaymaqlılar”ın hazırkı qapıçısı Tibo Kurtua haqqında fikrini paylaşıb.
Arena.az Kanyisaresin bu barədə fikrini təqdim edir:
“Mənim üçün Kurtua indiyə qədər gözlərimin gördüyü ən yaxşı qapıçıdır. Mən həqiqətən belə düşünürəm. Ondan yaxşı qapıçı görməmişəm”, deyə Kanisares vurğulayıb.
Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Tibo “Real”ın heyətində indiyə qədər 236 oyuna çıxıb, 219 qol buraxıb, 97 matçda qapısını toxunulmaz saxlayıb.
“Kral klubu”nun heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Tibo Kurtua “Real”dan öncə “Çelsi”, “Atletiko” və “Genk” klublarında da forma geyinib.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.
“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.


