Futbol üzrə Kamerun milli komandasının hücumçusu Karl Toko Ekambi Fransanın “Olimpik” (Lion) klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı forvard Liqa 1-in digər təmsilçisi “Renn”ə transfer olunub.
Sözügedən klub onu bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürüb. “Renn” yarım mövsümlük icarə haqqı olaraq “Olimpik”ə 1.5 milyon avro ödəyib. Mövsümün sonunda isə futbolçunun transfer hüquqlarını almaq üçün daha 12 milyon avro ödəmək lazım gələcək.
Fransada dünyaya göz açmış Karl Toko Ekambi peşəkar karyerasına “Paris”də başlayıb. Daha sonra “Soşo”, “Anje”, “Vilyarreal” kimi klublarda forma geyinən hücumçu, Lion “Olimpik”inə 2020-ci ilin yanvarında qoşulub. Liqa 1 klubu əvvəlcə onu 4 milyon avro qarşılığında yarım mövsümlük icarəyə götürüb. 2020-ci ilin yayında isə bu klub “Vilyarreal”a 11.5 milyon avro ödəyərək futbolçunun transfer hüquqlarını da alıb. Ekambi “Olimpik”də 114 oyuna çıxıb, 38 qol vurub, 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Ekambi Kamerun milli komandasında da 55 oyun keçirib, 12 qola imza atıb.


