“Barselona”nın ispaniyalı sabiq müdafiəçisi, kapitanı Karles Puyol “Real”ın braziliyalı hücumçusu Vinisius Juniorun davranışı haqda danışıb.
Arena.az xatırladır ki, İspaniya La Liqasının 11-ci turu çərçivəsində “Barselona” və “Real” arasında baş tutmuş “el klasiko”da Vinisius növbəti dəfə irqçi təhqirlərə məruz qalmışdı.
Maraqlıdır ki, ictimaiyyətdə və mətbuatda bir çox futbolsevərlər vurğulayırlar ki, bir çox məqamlarda “Vinni” özü ararkeşləri irqçi münasibətə sövq edən təxribata sürükləyir.
“Vinisius böyük futbolçudur, o, dəyər gətirir və getdiyi bütün stadionlarda özünə heyran etməlidir. “Kamp Nou”ya böyük oyunçular gəliblər və “Barselona”nın rəqibləri olmalarına rəğmən, böyük oyunçular olduqları üçün heyran ediblər. Mən onunla peşəkar bir yoldaş kimi danışmaq və onun haqqında nə düşündüyümü və ona münasibətimi bildirmək istərdim. Əgər münasibətini dəyişsə, daha çox tanınar. Onunla danışsaydım, onun haqqında düşündüyüm hər şeyi deyərdim”, deyə Karles Puyol bildirib.
Vinisius Junior “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib. Braziliyalı futbolçunun “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 11 oyuna çıxıb, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 236 oyun, 62 qol, 67 məhsuldar ötürmə.
“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 25 oyun keçirib, 3 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl, Vinisius “France Football” nəşrinin ötən mövsüm üçün ən yaxşı oyunçuya təqdim edilən “Qızıl top” mükafatının səsverməsində 6-cı yeri tutmuşdu. Həmçinin “Vinni” humanitar və xeyriyyəçilik fəaliyyətinə verdiyi töhfəyə görə “Sokrates Mükafatı”nı qazanmışdı.


