Portuqaliyalı futbol mütəxəssisi Karlos Keyroş Qana milli komandasının baş məşqçisi vəzifəsindən ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Keyroş apreldə Qana millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın 1/16 finalına qədər irəliləyib. Qana bu mərhələdə Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Portuqaliyalı çalışdırıcı iyulun əvvəlində vəzifəsindən ayrıldığını açıqlasa da, sentyabrda yenidən Qana millisinin baş məşqçisi postuna qayıtmışdı.
Lakin komanda onun rəhbərliyi altında son iki Afrika Millətlər Kubokunun seçmə oyununda məğlubiyyətlə üzləşib. Qana əvvəlcə Kot-d’İvuara 0:2, daha sonra isə Qambiyaya 2:4 hesabı ilə uduzub.
Bundan sonra 73 yaşlı Karlos Keyroş milli komandanın baş məşqçisi postunu yenidən tərk edib.


