Kevin Qameyro Fransa klubunda

Fransa milli komandasının sabiq hücumçusu Kevin Qameyro İspaniyanın “Valensiya” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra Fransanın “Strasburq” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Fransalı hücumçu peşəkar futbolçu karyerasına məhz “Strasburq”da başlayıb. O, 2005-2008-ci illər aralığında bu klubun uğurları üçün çalışıb.

Kevin Qameyro karyerası ərzində Fransada “Loryan”, PSJ, İspaniyada “Sevilya”, “Atletiko” kimi klublarda da çıxış edib. O, Fransa milli komandasında 13 oyuna 3 qol vurub. Təcrübəli oyunçu karyerası ərzində bütövlükdə 609 matçda 214 qola imza atıb.