Kilian Mbappe – La Liqada sentyabrın ən yaxşı oyunçusu!

Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Mbappe sentyabrda “Real”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Fransalı futbolçu səsvermədə Pedri (“Barselona”), Pablo Fornals (“Betis”), Ruben Varqas (“Sevilya”) və Etta Eyonqu (“Levante”) geridə qoyub.

Bu, Mbappenin La Liqada 2-ci belə uğurudur. O, ötən mövsümdə, 2025-ci ilin yanvar ayında da ən yaxşı seçilmişdi.

Cari mövsümün ilk belə mükafatını isə “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 10 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 69 oyun, 58 qol, 7 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 92 oyun keçirib, 52 qol vurub və 38 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: