PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçu ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin iyun ayına kimi idi.
“Monako”nun yetirməsi olan Kilian Mbappe 2017-ci ildən PSJ-də oynayır. O, Paris təmsilçisinin heyətində bütövlükdə 217 maça çıxıb, 171 qol vurub. 23 yaşlı forvard 87 məhsuldar ötürmənin də müəllifidir. Mbappe vaxtilə “Monako”da da 60 oyunda 27 qolla yadda qalıb. Gənc futbolçunun Fransa milli komandasındakı göstəriciləri də pis deyil – 54 oyuna 26 qol. Mbappe Paris klubunun heyətində indiyə qədər 4-ü Fransa çempionluğu olmaqla 11 titul əldə edib.
Sonda onu da xatırladaq ki, Mbappeni İspaniyanın “Real” klubu transfer etmək istəyirdi. Ancaq Mbappe Madrid təmsilçisinin təklifini rədd edərək hazırkı klubunda qalmağa qərar verib. Halbuki, Madrid təmsilçisinin Kiliana görə 200 min avrosundan keçməyə hazır olduğu bildirilir.
İddiaya görə, Mbappenin Fransada qalmasına PSJ-nin futbolçuya fantastik şərtlərlə müqavilə təklif etməsi səbəb olub. Belə ki, o, yeni müqavilədən sonra dünyanın ən çox maaş alan futbolçusuna çevrilib. Yeni sözləşməyə əsasən, fransız futbolçunun illik məvacibi 93 milyon avro təşkil edəcək. Ən çox maaş alan oyunçuların siyahısında Mbappenin komanda yoldaşları Lionel Messi (35 milyon avro) və Neymar (30 milyon avro) ilk “3-lüy”ü qapayır.


