“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp bu yay “qırmızılar”ın sükanı arxasına keçmiş mütəxəssis Arne Slotun işi haqda fikrini paylaşıb.
Arena.az ESPN portalına istinadən, alman mütəxəssisin niderlandlı baş məşqçinin “Liverpul”un başında işinə dair fikrini təqdim edir:
“Mən “Liverpul”un “Sevilya” ilə yoldaşlıq oyununa (4:1) baxdım. Həqiqətən yaxşı idi. Premyer Liqada “İpsviç”lə oyunun (0:2) ikinci hissəsi də açıq-aydın yüksək keyfiyyətlə keçdi.
Ancaq komandanın çıxışını bəyənib-bəyənməməyim fərqi etməz, əsas odur ki, o, həqiqətən yüksək keyfiyyətli heyətə və vahid komandaya malik çox yaxşı məşqçidir. Beləliklə, hər şey yaxşı olmalıdır.
“Liverpul”un oyunlarına baxanda onların gördüyü işlər göz qabağında idi. O, yeni fikirlər gətirib. Məşqçi haqqında deyilə biləcək ən yaxşı məqam da budur”, deyə alman mütəxəssis vurğulayıb.
Xatırladaq ki, Klopp 2015-ci ildən 2024-cü ilin yayına qədər “Liverpul”un baş məşqçisi vəzifəsində çalışıb. Alman mütəxəssis məşqçiliyə fasilə vermək istəyib, asudə vaxtını isə ailəsinə və şəxsi həyatına sərf etməyə ehtiyac görüb.
Arne Slot isə “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 45 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.


