İyulun 15-də İtaliya təmsilçisi “Komo” ilə İngiltərə təmsilçisi “Vulverhempton” arasında yoldaşlıq oyunu keçirilib.
Arena.az məlumat verir ki, mövsümöncəsi hazırlıq çərçivəsində ingilis “canavarlar”ın 1:0 hesabı ilə qalib gəldiyi oyunun gedişində italyan klubunun adı açıqlanmayan oyunçusu və “Vulverhempton”un cənubikoreyalı hücumçusu Hvan Hi Çanın iştirakı ilə irqçi qalmaqal yaşanıb.
Adı açıqlanmayan “Komo” müdafiəçisinin cənubikoreyalı hücumçuya qarşı irqçi fikirlər səsləndirdiyi iddia edilir. Daha sonra İtaliya klubu bu məqamla bağlı rəsmi açıqlama verib:
“Klubumuz irqçiliyə dözümsüzdür və onun bütün təzahürlərini ən sərt surətdə pisləyir. Biz, nə deyildiyini anlamaq üçün sözügedən müdafiəçi ilə danışdıq. O, bizə bildirdi ki, həmklubuna etdiyi şərh belə olub: “Ona məhəl qoymayın, o, Ceki Çan olduğunu zənn edir”. Oyunçumuzla ətraflı söhbətdən sonra əminik ki, söhbət o oyunçunun adından və meydanda komanda yoldaşlarının oyunçuya daim Çanni deyə müraciət etməsindən gedirdi. Klubumuza gəlincə, futbolçumuz alçaldıcı ifadə işlətməyib. “Vulverhempton”un bəzi oyunçularının qarşılığının hadisənin şişirdilməsinə səbəb olmasından məyus olduq”, – “Komo”nun bəyanatında deyilir.
Öz növbəsində, Koreya Futbol Assosiasiyası (KFA) futbolçusunun irqçiliyin qurbanı olması ilə bağlı mövqe tutaraq, narazılığını və şikayətinini FIFA-ya ünvanlayıb:
“KFA iyulun 18-də FIFA-ya göndərdiyi rəsmi məktubunda son hazırlıq oyunu zamanı rəqib oyunçunun Hvan Hi Çana qarşı irqçi davranışından ciddi narahatlığını bildirib və futbol meydanında irqi ayrı-seçkiliyin qarşısını almağa səsləyib. Bunun kökünü kəsmək üçün biz FIFA-dan təqsirkar şəxslərə qarşı cazaları daha da sərtləşdirməyi xahiş etmişik”, – KFA-nın bəyanatında deyilir.
UEFA isə hadisənin öz himayəsində olan bir oyunda baş vermədiyini əsas gətirərək, məsələni araşdırmaq səlahiyyətinin olmadığını açıqlayıb.
Cənubikoreyalı futbolçunun özü isə öz sosial şəbəkə hesabı üzərindən başına gəlmiş əhvalata münasibətini açıqlayıb:
“İrqçilik idmanda və həyatın bütün sahələrində qəbuledilməzdir. Hadisədən sonra məşqçilər qərargahı və komanda yoldaşlarım lazım gələrsə, meydandan mənimlə birləkdə dərhal ayrılacaqlarını bildirdilər və daim əhval-ruhiyyəmi yoxlayırdılar. Komanda yoldaşlarıma çox minnətdaram. Buna rəğmən, davam etmək istədim və meydanda üzərimizə düşəni icra etdik. Sonda, dəstək sözləri göndərmiş hər kəsə təşəkkür edirəm. İrqçiliyə yer yoxdur” – Hi Çan vurğulayıb.


