Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin ilk matçı İtaliyada keçirilib. Burada paytaxt Romanı təmsil edən yerli “Latsio” klubu Niderlandın “Alkmaar” komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı ilk oyun nə qədər gözlənilməz olsa da, qonaqların qələbəsiylə yekunlaşıb. Hesabı 18-ci dəqiqədə romalılar açıblar. Amma ilk yarıda buraxılan qolun əvəzini çıxan Niderland təmsilçisi ikinci hissədə qələbə qolunu da vurmağı bacarıb. Səfərdən əzmkar qələbə ilə dönən “Alkmaar” cavab matçı öncəsi böyük üstünlük qazanıb.
Xatırladaq ki, bu komandalar arasındakı cavab oyunu martın 16-da Niderlandda baş tutacaq.
Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin qalan ilk görüşləri isə martın 9-da keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunu
7 mart
“Latsio” (İtaliya) – “Alkmaar” (Niderland) 1:2
Qol: Pedro, 18 – Pavlidis, 45. Kerkez, 62.
Baş hakim: Qlenn Niberq (İsveç).
Roma Olimpiya Stadionu.


