“Kristal Pelas” Daniel Munyosu “Genk”dən aldı – 10 milyona

“Kristal Pelas” kolumbiyalı sağ cinah müdafiəçisi Daniel Munyosu “Genk”dən tamhüquqlu müqavilə əsasında heyətinə qatıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Transfer İngiltərə təmsilçisinə 10 milyon avro məbləğində başa gəlib. “Kristal Pelas” Munyosla müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Daniel Munyos “Agilas Doradas” klubunda futbola qədəm qoyub, buradan “Atletiko Nasyonal”a yol tapıb. Kolumbiya nəhənginin heyətində püxtələşmiş Munyos “Genk”ə transfer edilib.

Cari mövsümün ilk yarısında Munyos “Genk”in heyətində 29 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

Daniel Munyosun qənimətlər muzeyində 2021-ci il Belçika Kuboku var.

Daniel Munyos 2021-ci ilin iyununda debüt etdiyi Kolumbiya yığmasının heyətində 23 oyun keçirib, 2 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 27 yaşlı kolumbiyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: