Qana millisinin və “Hatayspor” klubunun yarımmüdafiəçisi Kristian Atsu qardaş ölkədəki dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişib. Arena.az xəbər verir ki, bu barədə qanalı futbolçunun agenti Murat Uzunmehmet yerli mətbuata açıqlama verib.
O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdən sonra Kristian Atsunun dağıntılar altında qaldığı, daha sonra onun yaralı halda tapıldığı açıqlanmışdı. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı. Dağıntının miqyası böyük olduğundan futbolçunu tapmaq 10 gündən çox vaxt aparıb.
“Hatayspor”un meneceri Fatih İlek də Atsuyla bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, afrikalı oyunçu qış fasiləsində komandadan ayrılmaq üçün baş məşqçi Volkan Dəmirəldən icazə istəyib. Mütəxəssis Atsunun gedişinə icazə verdikdən sonra futbolçu ölkəni tərk etmək üçün təyyarəyə bilet alıb: “Zəlzələdən 5 saat əvvəl uçmalı idi. Amma 23-cü turda “Kasımpaşa”ya qol vurduqdan sonra fikrini dəyişdi və Hatayda qalmağa qərar verdi”.
Xatırladaq ki, Kristian Atsu 2022-ci ilin sentyabr ayından “Hatayspor”un uğurları üçün çalışırdı. Sol cinah vingeri Türkiyə klubunun heyətində cəmi 4 matça çıxıb və 1 qolla yadda qalıb. O, karyerası ərzində İngiltərənin “Çelsi”, “Everton”, “Nyukasl” və “Bornmut”, Portuqaliyanın “Portu”, “Rio Ave”, Niderlandın “Vitess”, İspaniyanın “Malaqa”, Səudiyyə Ərəbistanının “Əl-Raed” kimi klublarında da çıxış edib. Atsu Qana milli komandasında da 65 oyuna çıxıb və 9 qola imza atıb.


